"Özəl sektor qaçqınlara doğru addımlar atır" - Filippo Qrandi 

13:29 17.12.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Qaçqınlara dəstək üçün resursların səfərbər edilməsində özəl sektorun genişlənən və həlledici rolu bu gün Cenevrədə Qaçqınlar üzrə Qlobal Forum işinə başlayarkən nümayiş etdirilib. BMT-nin Qaçqınlar üzrə Agentliyi olan BMT QAK-ın İsveçrə hökuməti ilə birlikdə ev sahibliyi etdiyi Foruma 100-dən artıq şirkət və fond qatılıb.

Hafta.az yazır ki, "Tent Partnership for Refugees" koalisiyası və Beynəlxalq Ticarət Palatası kimi tərəfdaşlarını, eləcə də yerli platforma və şəbəkələri cəlb etməklə BMT QAK kommersiya müəssisələrini, xeyriyyə təşkilatlarını və fondları ümumi işə töhfələrini verməyə səfərbər edib. Özəl sektorun qaçqınların və onları qəbul edən icmaların həyatlarını dəyişəcək bu töhfələri gələcəyə hesablanan əhəmiyyətli yardımların formalaşdırılmasında beynəlxalq birliyə dəstək olacaq.

30-dan artıq təşkilat (o cümlədən transmilli korporasiyalar, hüquq firmaları, özəl fondlar, kiçik və orta müəssisələr, koalisiyalar və investisiya şəbəkələri) 250 milyon dollardan artıq məbləğdə yardım göstərəcəklərini vəd edirlər. Bu vədlərin kökündə Qaçqınlar üzrə Qlobal Saziş məqsədləri dayanır və bu vədlər qaçqınlar üçün təhsil imkanları, təlimlər və iş yerlərinin yaradılması ilə əlaqədar olan xüsusi öhdəlikləri özündə ehtiva edəcək. Digər vədlər rabitə, pulsuz hüquqi xidmətlər, biznesin inkişafı xidmətləri, qaçqınların rəhbərlik etdiyi şirkətlərə investisiya qoyuluşu, innovativ maliyyələşdirmə, nağd pul yardımı və təmiz və təhlükəsiz enerjiyə çıxış imkanı ilə əlaqədar olacaq.

"Milyonlarla insanı didərgin salan uzun zaman əvvəl başlamış münaqişələr davam etdiyinə və yeniləri meydana çıxdığına görə biz qaçqınlara və onları qəbul etmiş icmalara kömək göstərməyin ağıllı, ilhamlandırıcı, cəlbedici və inklüziv yollarına ehtiyac duyuruq və biz hamımız burada rola malik ola bilərik", – deyə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib. "Özünün kreativliyi, əzmkarlığı və işinə sadiqliyi ilə seçilən özəl sektor Qaçqınlar üzrə Qlobal Forumda mühüm öhdəliklər götürməklə artıq irəliyə doğru addım atıb. Şirkətlər də bundan daha artığını etməyə hazırdırlar", - F.Qrandi deyib.

Dünən Mərkəzi Avropa Vaxtı (CET) ilə saat 17-də Ingka Qrupu, Inter IKEA Qrupu və IKEA Fondu, Vodafon Fondu və LEGO Fondu özlərinin mühüm maliyyə vədlərini elan ediblər ki, bu da evlərindən didərgin salınmış insanlara və hazırda onların yaşadığı icmalara yardım göstərilməsində özəl sektorun mühüm rolunun təzahürü olub.

2018-ci ildə dünyada zorla didərgin salınmış 70,8 milyon insan olub ki, bu da indiyədək qeydə alınmış ən yüksək rəqəmdir. Kollektiv reaksiya (və kollektiv məsuliyyət) nümayiş etdirməyə indi həmişəkindən daha çox ehtiyac var.